Cümə, 10 mart 2023-cü il

Cümə, 10 mart 2023-cü il

Bu həftə Livan ölkəsi üçün dua edəcəyik

İki əsr əvvəl Yaxın Şərqə Qərbdən missionerlər gəlməyə başladı və Livan onların üstünlük verdiyi bölgə idi. O, Suriyanın bir hissəsi idi və Osmanlı hakimiyyəti altında idi. Allahın köməyi və Müqəddəs Ruhun gücü ilə missionerlər bir neçə onillik ərzində böyük məhsul yığdılar. Onların haqqında çoxumuz eşitməsək də, Bliss, Jessap, Smit və Van Dik kimi insanlar missionerlər salnaməsində korifeylərdir. Onlar hər şeylərini qurban verdilər, çox əzab çəkdilər, təhdidlər, aclıq, xəstəlik və bir çox başqa problemlərlə mübarizə aparırdılar. Allah Öz mərhəmətinə görə onlara böyük qələbələr verirdi. Onlar Müqəddəs Kitabı klassik ərəb dilinə tərcümə etdilər, cəmiyyətlər yaratdılar, təhsil müəssisələri qurdular və çoxlu sayda məsihçi ədəbiyyatı nəşr etdilər.

Bundan əlavə, Livan imanları uğrunda şəhid olan, o cümlədən həyatlarının ilk çağlarında Məsihə iman etmək qərarına gəldikləri üçün öldürülən Əsəd Şediak və Kamil əl-Aytani kimi bir çox şəhidlərin mərkəzinə  çevrilmişdir.

Bu ölkəyə:

  1. dənizin, dağların, çayların, qarın, meşələrin və yaşıllığın təbii gözəlliyinə,
  2. dini etiqad azadlığına,
  3. bütün ərəb ölkələri arasında ən demokratik olmağına görə üstünlük verilib.[1]

Bununla belə, o, daima siyasi təlatümlərin, məzhəb və icma çəkişmələrinin, vətəndaş müharibələrinin və qan tökülmələrinin dağıdıcı təsirlərinə məruz qalmışdır.

Dua

Səmavi Atamız, İslamın və adət-ənənələrin zülmətinə qərq olmuş bir xalqa Məsihi təqdim etmək üçün Yaxın Şərqə gələn qəhrəmanlara görə Sənə minnətdarıq. İndi Livanda görülən işlərə görə Sənə minnətdaram. Dua edirəm ki, oradakı insanlar ürəklərini Məsih üçün açsınlar.

Qoy onlar başa düşsünlər ki, insanlara fanatizmin və məzhəbçiliyin gətirdiyi əzab-əziyyət Məsih onların həyatlarının Padşahı olmayınca bitməyəcək.

Allahın vədi

Hər yan gül açacaq, şadlanacaq, sevincdən nəğmə oxuyacaq. Livanın gözəlliyi, şan-şöhrəti, Karmelin və Şaronun cah-calalı ona veriləcək. Hamı Rəbbin izzətini, Allahımızın əzəmətini görəcək (Yeşaya 35:2).

1 Eləcə də, Livan sözü sakinlər, dağ və ya sidr ilə əlaqədar Müqəddəs Kitabda təxminən 70 dəfə sitat gətirilir.