Bu həftə sürgündə olan imanlılar üçün dua edəcəyik
Yeni iman etmiş məsihçinin iş yoldaşı onun Müqəddəs Kitabı oxuduğunu görüb səlahiyyətli şəxslərə məlumat verdi. Onun İsanın davamçısı olduğunu biləndə dərhal onun ailəsinə xəbər verdilər və ailəsi onu öldürmək üçün planlar qurmağa başladı. Beləcə, o, vaxt itirmədən başqa ölkəyə qaçdı.
Məsihə iman gətirən bir çox müsəlmanlar evlərini tərk etməli olurlar. Onlardan bəziləri miraslarını itirir, fiziki və emosional zorakılığa məruz qalırlar. Digərləri isə qətlə yetirilirlər. Bu cür sərt cəzalardan boyun qaçırmaq üçün çoxları başqa şəhərə və ya ölkəyə qaçır. Yalnız bir neçəsi öz şəhərlərində qalıb İsa üçün yaşamaqda davam edir.
Bu həftə sığınacaq tapmaq üçün ailələrini və cəmiyyətlərini tərk edib dünyanın bir çox yerinə qaçan imanlılar üçün dua edəcəyik.
Dua
Rəbb İsa Məsih, quzularının böyük Çobanı (İbranilərə 13:20), Sənə minnətdarıq ki, bir çox müsəlmanlar Sənə iman edirlər. Sənin uğrunda evlərini, ailələrini, işlərini və mədəniyyətlərini tərk edən belə qardaş və bacılar üçün dua edirik.
Onları hüzurunla doldur. Qoy onlar başa düşsünlər ki, Sənin nəzərlərin onları qorumaq və xeyir-dua vermək üçün hər zaman üzərlərindədir. Ya Rəbb Allah, yeni mühitlərində onları İncilin təsirli elçiləri kimi istifadə et. Onlar fərqli mədəniyyətə, tanış olmayan və xarici dildə danışan mühitə düşərkən onların qəlblərini Öz sülhün, məhəbbətin və sevincinlə doldur.
Sözlərini onların dillərinə qoy. Onların həyatında Müqəddəs Ruhun ənamlarını təzahür etdir. Belə vəziyyətlərlə üzləşmiş başqalarından istifadə etdiyin kimi, onlardan da güclü şəkildə istifadə et (Həvarilərin İşləri 8:1, 4; 11:19).
İsanın adı ilə, amin.
Allahın vədi
Mən həmişə səninləyəm, gedəcəyin hər yerdə səni qoruyacağam… Dediyimi edənə qədər səni tərk etməyəcəyəm(Yaradılış 28:15).